Fəlsəfə Nədir? İlk Filosoflar
Fəlsəfənin tərifi, mənşəyi, 6 əsas sahəsi və ilk filosoflar: Tales, Heraklit, Parmenid.
Fəlsəfə nədir?
Philo (sevgi, axtarış) və Sophia (bilgəlik, hikmət) sözlərinin birləşməsindən yaranıb. Fəlsəfə hazır cavabları qəbul etmək deyil, “niyə?” sualı ilə həyatı, insan təbiətini və özünü hər gün yenidən inşa etmək sənətidir.
1) Bilməklə Bilgəlik arasındakı fərq nədir?
Bilmək faktları bilməkdir, məsələn iqtisadiyyat dərsində inflyasiyanın nə olduğunu bilmək sadəcə məlumatdır.
Bilgəlik isə o məlumatı harda, necə və ən əsası niyə istifadə edəcəyini anlamaqdır. Bu, həyatın dərinliyini və mənasını dərk etmək bacarığıdır.
İnsan deyir: Mən bir şeyi zatən bilirəmsə, o mənə yetərli deyilmi? Əslində bəziləri üçün yetərlidir, məsələn sən şahmatı strateji düşünmək üçün öyrənirsən.
Bilmək - Daşların necə hərəkət etdiyini və bəzi açılışları bilməkdir. Bilgəlik - Rəqibin psixologiyasını oxumaq, nə vaxt geri çəkilməli olduğunu və nə vaxt risk etməli olduğunu hiss etmək bacarığıdır.
Qısası: Bilmək sənə “aləti” verir, bilgəlik isə o alətlə nəyi və niyə inşa etməli olduğunu deyir.
2) Sahib olmaq deyil, axtarmaq
Fəlsəfə bir nəticə deyil, prosesdir. Filosof hər şeyi bilən adam deyil, bilmədiyini qəbul edib həqiqətin ardınca qaçan aşiqdir.
3) Fəlsəfə bir elmdirmi?
Tarixə baxsaq, fəlsəfə bütün elmlərin başlanğıcıdır. Qədim dövrlərdə fizika, biologiya ayrıca bir sahə deyildi. Hamısı təbiət fəlsəfəsi adlandırılırdı. Yəni onu bütün elmlərin anası adlandıra bilərik.
Məqsəd eynidir: hər ikisi insanı, kainatı, sistemi anlamağa çalışır. Elmin istifadə etdiyi məntiq fəlsəfənin bir qoludur. Yəni məntiq olmasa, elm qurula bilməzdi. Kainatın bir işləmə mexanizmi (elm) həmişə var. Amma biz o mexanizmi ancaq məntiq (fəlsəfə) süzgəcindən keçirərək anlayırıq.
4) Fəlsəfənin əhatə etdiyi 6 əsas ana sahə
I. Metafizika (Varlıq fəlsəfəsi)
Həqiqət nədir? Mən varammı? Kainatın arxasında nə dayanır? suallarını araşdırır.
Niyə var? İnsan ətrafındakı maddələrin sadəcə görünüşdən ibarət olmadığını hiss edir və köklərini anlamaq istəyir.
II. Epistemologiya (Bilgi fəlsəfəsi)
Biz nəyi bilə bilərik? Bilik nədir? Doğruya necə çataq? sualları ilə məşğul olur.
Niyə var? İnsan yanılmaqdan qorxur və əlindəki məlumatın, məsələn iqtisadiyyatdakı rəqəmlərin nə dərəcədə real olduğunu yoxlamaq istəyir.
III. Etika (Əxlaq fəlsəfəsi)
Nə etməliyəm? Yaxşı və pis nədir? Ədalətli hərəkət hansıdır? suallarına cavab axtarır.
Niyə var? İnsanlar birlikdə yaşayarkən bir-birlərinə zərər verməmək və “mənalı” bir həyat sürmək üçün qaydalara ehtiyac duyurlar.
IV. Məntiq
Düzgün düşünmənin qaydalarını öyrədir. Arqumentlərin necə qurulmasını analiz edir.
Niyə var? İnsan ağlı xaosa meyillidir, məntiq isə düşüncələri nizama salan əməliyyat sistemidir.
V. Estetika (Gözəllik fəlsəfəsi)
Gözəllik nədir? Sənət nədir? Zövq subyektivdirmi? sualları ilə maraqlanır.
Niyə var? İnsan sadəcə funksionallıqla kifayətlənmir, o ətrafında bir harmoniya və premium hiss yaratmaq istəyir.
VI. Siyasət fəlsəfəsi
Dövlət niyə var? Azadlıq nədir? İdeal cəmiyyət necə olmalıdır? suallarını verir.
Niyə var? İnsanların sistem adlandırdığımız o böyük mexanizm daxilində necə daha yaxşı idarə oluna biləcəyini tapmaq üçün.
Bu 6 sahə fəlsəfənin gövdəsi və budaqlarıdır. Amma bir ağacı anlamaq üçün onun köklərinə enmək lazımdır. Qərb düşüncəsinin kökləri isə Egey dənizinin sahillərində basdırılıb.
5) Niyə məhz Yunanıstan?
Heç düşünmüsünüzmü, fəlsəfə niyə məhz Antik Yunanıstanda, xüsusən də Egey dənizi sahillərində başladı? Axı həmin dövrdə Misir və Babil kimi çox daha qədim və böyük sivilizasiyalar var idi. Misirlilər nəhəng ehramlar tikir, babililər isə ulduzların hərəkətini izləyirdilər. Bəs nə çatışmırdı?
Cavab sadədir: Azadlıq və sual vermək cəsarəti.
Misirdə və Babildə bilik dinin və mütləq hökmdarın (fironun) əlində idi. Orada sual vermək yox, itaət etmək lazım idi. Amma Yunanıstanın Egey sahilləri, xüsusən də Milet şəhəri o dövrün “Silikon Vadisi” idi. Bura ticarət yollarının kəsişdiyi, müxtəlif mədəniyyətlərin bir-biri ilə qarşılaşdığı canlı bir mərkəz idi. Tacirlər gəlirdi, mallarını satırdı, amma eyni zamanda ideyalarını da gətirirdilər.
Bu sərbəst mühitdə insanlarda bir maraq oyandı: “Həqiqətənmi hər şeyi tanrılar edir, yoxsa bu dünyanın öz daxili məntiqi var?“
6) Mifosdan Logos-a keçid
Fəlsəfəyə qədər dünya “Mifos” (Mifologiya) ilə izah olunurdu. Yağış yağırsa, deməli Zevs qəzəblənib. Dənizdə fırtına varsa, deməli Poseydonun əhvalı pisdir. Bu izahlar rahat idi, amma sual verməyə yer qoymurdu.
E.ə. 6-cı əsrdə yunanlar Logos-a (Ağıl və Məntiq) keçid etməyə başladılar. Onlar artıq cavabları səmalarda deyil, elə yerin özündə, təbiətin daxilində axtarmağa başlamışdılar. Bu, insanlıq tarixinin ən böyük intellektual inqilabı idi: kainatı ağılla anlamaq cəhdi.
7) İlk Filosof: Tales və “Arxe” axtarışı
Miletli Tales (e.ə. 624-546) tarixin ilk filosofu sayılır. Onu fərqli edən nə idi? Tales ilk dəfə olaraq dünyanı tanrılarla deyil, bir maddə ilə izah etməyə çalışdı.
O, özünə belə bir sual verdi: “Hər şey nədən yaranıb? Bu qədər müxtəlifliyin (dağlar, ağaclar, insanlar) təməlində dayanan o ilk maddə – Arxe – nədir?”
Talesin cavabı sizi təəccübləndirə bilər: Su.
Bu gün biz bilirik ki, hər şey su deyil. Amma Talesin önəmi onun verdiyi cavabda deyil, sualın özündə və metodundadır. O, cavabı göylərdən deyil, təbiətin daxilindən çıxardığı təcrübə və müşahidə ilə tapmağa çalışdı. O görürdü ki, həyat olan hər yerdə rütubət var, su həm bərk (buz), həm maye, həm də qaz (buxar) halına düşə bilir. Deməli, hər şey ondan yarana bilər.
Tales bununla fəlsəfənin qapısını açdı: “Dünya dərk oluna biləndir”.
8) Hər şey axır: Heraklitin xaosu
Talesdən bir müddət sonra fəlsəfə meydanına Efesli Heraklit gəldi. Onun yanaşması tamamilə fərqli idi. Heraklit üçün dünyanın təməlində maddə deyil, proses və dəyişiklik dayanırdı.
Onun ən məşhur kəlamı: “Eyni çaya iki dəfə girə bilməzsən.”
Niyə? Çünki həm sən dəyişirsən, həm də çayın suyu axıb gedir, yenisi ilə əvəz olunur. Heraklitə görə kainatda dəyişməyən yeganə şey – dəyişikliyin özüdür. O, kainatı bir “od”a bənzədirdi: daim alovlanan, daim dəyişən, amma müəyyən bir nizamla hərəkət edən enerji.
Onun üçün ziddiyyətlər vacib idi. İsti yoxdursa, soyuğu anlaya bilmərik. Müharibə yoxdursa, sülhün qədrini bilmərik. Həyat bu ziddiyyətlərin mübarizəsindən doğan harmoniyadır.
9) Heç nə dəyişmir: Parmenidin sükutu
Heraklitin tam əksi olaraq Parmenid ortaya çıxdı və fəlsəfənin ən çətin suallarından birini sordu.
Parmenid deyirdi ki, dəyişiklik bir illüziyadır (aldanışdır). Əgər bir şey varsa, o artıq var. O, yoxdan yarana bilməz və yoxa çevrilə bilməz. Deməli, Varlıq birdir, bütövdür və dəyişməzdir.
Bu debat fəlsəfəni iki yerə böldü:
- Heraklit: Hər şey dəyişir, həqiqət hərəkətdədir.
- Parmenid: Hər şey sabitdir, dəyişiklik sadəcə bizim hisslərimizin bizi aldatmasıdır.
Sizcə kim haqlıdır? Bu sual min illər boyu filosofları məşğul etdi və bugünkü fizikanın (məsələn, zamanın axması haqqında müzakirələrin) təməlini qoydu.
Yekun: Suallar Hər Şeydən Güclüdür
Birinci həftənin nəticəsi budur: fəlsəfə sadəcə tozlu kitablardakı cümlələr deyil. Bu, sənin hər gün qarşılaşdığın o “sistem”lə mübarizə aparmaq üçün ən güclü silahındır. İlk filosoflar bizə göstərdilər ki, kainatı anlamağın yolu itaət deyil, sual verməkdir.
- Bilik hər kəsdə ola bilər, amma Bilgəlik o biliyi bazarda dəyərə çevirmək və sistemin boşluqlarını görməkdir.
- Sual vermək zəiflik deyil, mövcud xaosu “debug” etmək üçün ilk addımdır.
- Tales, Heraklit və Parmenid fərqli cavablar verdilər, amma hamısı eyni cəsarətlə sual verdi.
Bu həftə biz qapını açdıq. Gələn həftə o qapıdan daxil olan iki nəhəng – Sokrat və Platon – ilə tanış olacağıq. Sokrat sualı bir silaha çevirdi, Platon isə gördüyümüz dünyanın sadəcə kölgə olduğunu iddia etdi.
“Fəlsəfə müdriklik sevgisidir. Filosof müdrikliyin sahibi deyil, aşiqidir.”
Əsas Terminlər
- Fəlsəfə
- Yunanca 'philosophia' - müdriklik sevgisi. Varlıq, bilik, dəyərlər və əxlaq haqqında sistematik düşüncə.
- Arxe
- Hər şeyin başlanğıcı, ilk maddə. Filosoflar dünyanı hansı təməl maddədən yarandığını axtarırdılar.
- Logos
- Məntiq, ağıl, nizam. Mifoloji izahların yerinə ağlabatan izahların gəlməsi.
- Metafizika
- Varlıq fəlsəfəsi - həqiqətin, varlığın və kainatın təməlini araşdıran sahə.
- Epistemologiya
- Bilgi fəlsəfəsi - nəyi bilə bilərik, bilik nədir sualları ilə məşğul olan sahə.
- Presokratiklər
- Sokratdan öncəki filosoflar - təbiətin mənşəyini və kainatın işləmə prinsipini araşdıran düşünürlər.
- Kosmos
- Nizamlı kainat. Xaosun əksi. Yunanlara görə dünya təsadüfi deyil, müəyyən bir nizama malikdir.
Oxu Materialları
Oxu Siyahısı
2 mənbəDüşünmə Sualları
- Bilmək və bilgəlik arasındakı fərq nədir?
- Fəlsəfə bir elmdirmi?
- Hər şey dəyişir (Heraklit), yoxsa sabitdir (Parmenid)?
- Antik dünyada insanları sual verməyə sövq edən nə idi?
Bilik Yoxlanışı
Biliyinizi Yoxlayın
1.Şahmat oynayarkən rəqibin gedişlərini əzbərləmisən, amma rəqib gözlənilməz bir gediş edəndə panikaya düşürsən. Səndə çatışmayan nədir?
2.Bir proqramda kod yazırsan və səhv (bug) çıxır. Sistemin ana koduna (source code) enib xətanı kökündən həll etmək istəyirsən. Hansı fəlsəfi sahədə fəaliyyət göstərirsən?
3.Heraklit 'eyni çaya iki dəfə girə bilməzsən' deyirdi. Parmenid isə 'heç nə dəyişmir' deyirdi. Sizcə kim haqlıdır?
4.Milsetli Tales kainatın əsasının 'su' olduğunu iddia edirdi. Bu iddianın əsil dəyəri nədədir?
5.Sənə görə fəlsəfə nədir?
Nəticəniz: 0 / 5
Tərəqqiniz
Bilik Ağacı