Əsas məzmuna keç
· 7 dəq oxu · Sadat Nazarli

Sükut: Daxili Qaranlıqdan Aydınlığa

Gündəlik həyatın, saxta reallıqların və hədsiz dopaminin sıxdığı bu dünyada, bəzən ən dərin cavablar elə sükutun hüzurunda tapılır.

Boşluğun İçindəki Səssizlik

Son bir aydır qələmimi kənara qoymuşdum. Bu, sadəcə bir yazı fasiləsi deyildi; ruhi cəhətdən sanki qatı bir qaranlığa qərq olmuşdum. Zaman keçdikcə fərqinə vardım ki, bu, sadəcə yorğunluq deyil, depressiyanın o soyuq pəncəsidir. İçimdəki həyat eşqi sanki sönmüş, hər gün etdiyim adi əməllər belə mənasını itirərək ağır bir yükə çevrilmişdi.

Bəlkə də hər birimizin həyatında belə qaçılmaz enişlər, ruhun “qış yuxusuna” getdiyi dövrlər olur. Xüsusən də 20-li yaşların o qarmaqarışıq astanasında olanda… Gələcəyin qeyri-müəyyənliyi, “Kim olacağam?”, “Hansı yolu seçəcəyəm?” kimi suallar insanın zehni dayanmadan bir qurd kimi gəmirir.

Mükəmməllik İllüziyası və Reallıq

Mən fitrətən mükəmməliyyətçi biriyəm. İstəyirəm ki, atdığım hər bir addım, qurduğum hər bir plan mütləq şəkildə qüsursuz olsun. Lakin fəlsəfə bizə çox acı, amma azad edici bir həqiqəti öyrədir: Mütləq kamillik yalnız bir illüziyadır. Bunu dərk etmək mənim üçün uzun və ağrılı bir proses olsa da, artıq bu reallığı qəbul edirəm.

Əvvəllər gələcək haqqında saysız-hesabsız ssenarilər qurardım. Əlbəttə, xəyal qurmaq insanın yaradıcı təbiətinin bir parçasıdır, lakin dayanmadan xəyal dünyasında yaşamaq insanın bu gününə aid olan mövcudluq enerjisini sovurub bitirir. Həmişə uzaq üfüqlərə can atarkən, bəzən ayağımın altındakı torpağı bu günü tamamilə unudurdum.

Saxta Reallıqların Ağır Yükü

Sosial medianın parıltılı dünyasında yaşıdlarımın “milyonlar” qazandığı, maddi zənginlik nümayiş etdirdiyi videoları gördükdə özümü necə də geridə qalmış, uğursuz hiss edirdim. “Mənim onlardan nəyim əskikdir?” sualı ilə qovrulub, mən də o aldadıcı işıqlara doğru qaçdım. Ancaq dərk etdim ki, o dünyalar kənardan göründüyü kimi sadə, cazibədar və ən əsası səmimi deyilmiş.

İndiyə qədər bir çox fərqli sahələrdə özümü axtarmışam. İlk ciddi addımlarımı İT sektorunda, proqramlaşdırma dünyasında atdım. Hazırda frilans olaraq müxtəlif layihələr icra edirəm; bu, bəlkə də ruhumun tam aclığını doyurmur, lakin cəmiyyətin həyatda qalma qanunlarına görə bu bacarığımdan bir alət kimi istifadə edirəm. Son dövrlər biznesə olan marağım da artıb və aldığım təhsil məhz bu istiqamətdədir. Bunlarla yanaşı, ruhum həmişə başqa diyarlara fəlsəfəyə, psixologiyaya və insan təbiətinin dərin qatlarına çəkilir. Hamısına zaman ayırıram, lakin hələ də varlığımı tam ifadə edən, “bax bu, mənəm” dediyim o tək həqiqəti tapa bilməmişəm.

Mövcudluğun Təməl Sualı

Psixoloqum ilk seansımızda mənə varlığımın sütunlarını sarsıdan o sualı verdi:

“Səni hazırda bu həyatda tutan nədir? Səni hər sabah yaşamağa vadar edən, ayaqda saxlayan o əsl güc nədir?”

Otağa sanki qurğuşun kimi ağır bir səssizlik çökdü. Bir neçə dəqiqə ərzində bu sadə görünən suala cavab tapa bilmədim. Bizim ən böyük faciəmiz də elə budur: əksəriyyətimiz niyə mövcud olduğumuzu, bizi xoşbəxt edən o təməl motivin nədən ibarət olduğunu bilmədən qaçırıq.

Bir müddət antidepresant qəbul etdikdən sonra daxili dünyamda yenidən bir canlanma, həyata qarşı cılız da olsa bir istək hiss etməyə başladım. Bir aydır üzünə baxmadığım kitablarıma geri döndüm. İndi oxuduqlarım mənə daha çox ruhi mənfəət verir, çünki oxumaq üçün içimdəki o ağır ətalətlə real mübarizə aparıram.

Ucuz Dopamin və İtirilmiş Səbr

Sosial mediadan tamamilə imtina etmişəm. Çünki onun insanın ruhunu necə hissə-hissə parçalayıb heçə çevirdiyini görürəm. Saxta görüntülər, süni xoşbəxtlik illüziyaları mənim üçün artıq heç bir məna kəsb etmir. Real həyatda tamamilə boş olan insanlar, rəqəmsal dünyada özlərinə uydurma bütlər yaradırlar. Bu fəlakət barədə saatlarla danışmaq olar, lakin bilirəm ki, bu sətirləri oxuyanların bir çoxu yenə də o sonsuz dopamin döngüsünə qayıdacaq.

Müasir insan sadə yolla zövq almağı unudub. Kiçik bir təbəssümdən, sadə bir andan ləzzət almaq hüququmuzu sanki əlimizdən alıblar. Ucuz dopamin dalğaları təfəkkürümüzü kütləşdirir. Səbrimiz o qədər tükənib ki, bir filmə, hətta kiçik bir videoya axıra qədər baxa bilmirik. Əlimizdən o sadəliyin lüksünü aldılar. Amma unuduruq ki, o zəncirləri qırmaq yenə də öz əlimizdədir.

Seçilmiş Təklik: Bir Azadlıq Forması

Mən o saxta reallıqdan qaçdım. Orada öz varlığımı azad hiss etmirdim. Hər kəsin fərqli maskalar taxdığı bu nəhəng səhnədə, mən maskasız və çılpaq bir həqiqətlə gəzməyi seçdim. Artıq insanlar öz-özləri ilə baş-başa qalanda sıxılırlar, çünki həmişə o daxili boşluğu dolduracaq bir kənar səs-küy axtarırlar. Halbuki bəzən o daxili sıxıntıya dözmək, onunla üzləşmək lazımdır. Kiçik detallarda gizlənən gözəlliyi kəşf etmək, təmiz bir vərəq kimi yeni məşğuliyyətlər tapmaq insanın özünə qayıtmasıdır. Dənizin sahilində, yanımda isti qəhvəm və kitabımla o sonsuzluğa dalmaq mənim üçün əsl həyatın ən təmiz təzahürüdür.

Doğrudur, bəzən cəmiyyətdən çox təcrid olunduğumu, kənarda qaldığımı hiss edirəm. Standart qəliblərə sığmadığım, kütlə ilə eyni ritmdə addımlamadığım üçün kəskin bir yalnızlıq məni bürüyür. Lakin bilirəm ki, nümayişkaranə və saxta bir izdihamın içində itməkdənsə, gerçək və şüurlu bir təklik min qat daha dəyərlidir.

Bəlkə də axtardığımız o böyük cavab nəhəng və səs-küylü yerlərdə gizlənməyib. Bəlkə də bütün sualların açarı məhz həmin o sükutun, o sakitliyin tam mərkəzində bizi gözləyir.

← Butun yazilar
Paylaş