Geri

İnsanlıq niyə yox olmağa üz tutub?

· 7 dəq oxu

Yoxsa o, heç vaxt mövcud olmayıb?

Yaşadığımız dünya niyə bu qədər ədalətsizdir? Niyə günahsız insanlar öldürülür, niyə uşaqlara təcavüz olunur, niyə artıq qanunlar və dinlər insanlara işləmir? Bəzən gecələr yatmayanda düşünürəm; bu blogda məhz bu mövzular haqqında danışacağıq, ürəyimi açacağam.

1) İnsan təbiəti: Qorxu və tamah

İnsan təbiətinin təməli bu iki sütunda dayanır: qorxu və tamah. Bütün sivilizasiyalar, qanunlar, hətta gündəlik vərdişlərimiz belə, əslində bu iki duyğunun bir-biri ilə mübarizəsinə əsaslanır.

Qorxu bizim ən qədim müdafiə mexanizmimizdir. Vəhşi təbiətdə sağ qalmaq üçün qaçmağı öyrədən bu hiss, 21-ci əsrdə bizi sistemləri yaratmağa məcbur etdi. Qorxu… ay qorxu, ən köhnə yoldaşımız. Bir vaxtlar canımızı qurtarmaq üçün qaçırdıq, indi isə eyni qorxu ilə sistemlər, qanunlar və divarlar qurmuşuq. Amma bu divarlar, qanunlar və dinlər artıq insanları idarə edə bilməyəcək bir səviyyəyə gəldi. Bir müddət dinlər insanları idarə etmək üçün, onları cinayətdən və pisliklərdən uzaq tutmaq üçün yaradılmışdır, amma indi artıq aktuallığını yavaş-yavaş itirir. Dinlər haqqında növbəti blogda daha ətraflı danışacağıq.

İndi isə qorxudan bəhs etdikdən sonra ikinci ən böyük duyğu tamahdır. İnsanlar doymur. 100 manat qazananda 1000 manat, 1000 manatı qazananda 10000 manat istəyirlər. Bu tək pula aid deyil; bu, həm də status, rəqəmsal bəyənmə və sonsuz güc arzusudur. Tamahın da ən böyük hiyləsi ondadır ki, o, hədəfə çatdıqca sönmür, əksinə iştahı daha da artır.

2) Sistem: Gücün oyunu

Əgər qorxu və tamah fərdi xəstəliklərimizdirsə, Sistem bu xəstəliklərin institullaşmış formasıdır. Deyirlər qanun hamı üçündür. Amma qanun elə qurulub ki, zəif tutulur, güclü yoluna davam edir.

Gücün əsl üzü: Əlinə güc keçən kimi, artıq başqalarını yox, öz mövqeyini qorumağı düşünürsən. Güclü olan üçün qanun bir “maneə” deyil, sadəcə “redaktə edilə bilən bir mətn”dir. “Dayı” mədəniyyəti, yəni nepotizm, rüşvət və nüfuz, əslində sistemin içindəki gizli əməliyyat sistemidir. Sən qapıda növbə gözləyəndə, kimlərsə o qapıları arxa tərəfdən, heç döymədən açır.

Ədalətin “yavaşladılması” deyilən bir oyun var. Bunu hamı bilir, amma adını qoymaqdan qorxurlar. Cinayəti törədənin arxasında güclü bir “dayı” varsa, sistem qəfil yorulur. Dünən tələsik işləyən mexanizm, bu gün ayağını sürüyərək işləməyə başlayır. Sən deyirsən: “Niyə?” Çünki bu, təsadüf deyil. Bu, vaxtı gecikdirərək həqiqəti unutdurmaq üçün qurulmuş səssiz bir strategiyadır.

  • Məhkəmələr uzadılır: insanlar bezsin, ümidlərini üzsün və nəhayət, unutmağa başlasın deyə.
  • Sənədlər “itir”: sanki kağız yox, vicdan yoxa çıxır.
  • Şahidlər susdurulur: həqiqət tək bir dildən, tək bir ağızdan danışsın deyə. Çünki bir şahid susanda, həqiqətin yarısı ölür.

Zaman uzandıqca insanların qəzəbi soyuyur. Əvvəlcə olan acı, yavaş-yavaş adiləşir. Haqsızlıq isə gündəlik xəbər başlığına çevrilir. Oxuyursan, ürəyin sızlayır, sonra sönür. Axırda elə bir nöqtə gəlir ki, günahsızın fəryadını artıq heç kim eşitmir. Sistem qazanır, ədalət isə səssizcə torpağa tapşırılır.

Sistem səni qorumur. Ən acı həqiqət budur: sistem səni yox, özünü və onu quranların mənfəətini qorumaq üçün dizayn edilib. Sən bu sistemin içində bir vətəndaş deyilsən, sadəcə statistik bir rəqəmsən. Ədalət tərəzisi qızıl tərəfə əyiləndə, günahsızın qışqırığı artıq səs sayılmır.

3) Susqunluq: Vəhşiliyin normallaşması

Bəs bizlər niyə susuruq? Bu sualı həmişə özümə vermişəm. Niyə bir qadına, uşağa qarşı haqsızlıq ediləndə bizim əlimizdən heç nə gəlmir? Niyə əvvəl dəhşətə gəlirdik belə xəbərləri eşidəndə, amma indi sadəcə üzülüb keçirik? Çünki sistemin ən qorxulu uğuru bizi qəddarlaşdırması deyil, bizi hissizləşdirməsidir. Bu gün ən böyük problem haqsızlığın, cinayətin və vəhşiliyin artıq “normal” görünməyə başlamasıdır.

Hər gün sosial media lentində bir uşaq təcavüzü, bir qadın qətli və ya bir ədalətsizlik xəbəri ilə qarşılaşırıq. İlk vaxtlar bizi dəhşətə gətirən bu xəbərlər, zaman keçdikcə sadəcə bir “statistika”ya çevrilir. Biz artıq heyrətlənmirik, sadəcə üzülürük. Lakin bu “üzülmək” əslində bir növ ağ bayraq qaldırmaqdır. Üzülmək: “Mən bunu görürəm, amma heç nə edə bilmirəm” deməkdir.

Sistem sənin qəzəbindən qorxur, amma kədərindən qorxmur. Çünki kədər insanı küncə sıxır və hərəkətsiz qoyur. Sistemə sorğulamayan, başını aşağı salıb öz kiçik dünyasında sağ qalmağa çalışan insanlar lazımdır. Susmaq tərəfsiz qalmaq deyil, əslində zülm edənin tərəfində durmaqdır. Biz susduqca, şər özünə yeni sahələr tapır və daha da cəsarətlənir.

Bəs İnsanlıq Yox Olub?

Yoxsa o, heç vaxt mövcud olmayıb? Bu sual bizi ən ağır həqiqətlə üz-üzə qoyur. Bəlkə də bizim “insanlıq” dediyimiz şey bir başlanğıc nöqtəsi deyil, heç vaxt çata bilmədiyimiz bir nöqtə idi. Biz homo-sapiens olaraq doğuluruq, amma “insan” olmaq üçün hələ çox yolumuz var.

Yaşadığımız bu qaranlıq həyata baxanda elə gəlir ki, hər şey bitib. Amma unutmayaq: insanlıq potensialı hələ də hər birimizin daxilində gizli bir toxum kimi yaşayır. Bu toxumu cücərtmək üçün böyük inqilablara ehtiyac yoxdur. Öz kiçik dairəndə ədalətli olmaq, güclünün qarşısında haqlının tərəfini tutmaq, başqasının acısına statistika kimi yox, öz acın kimi baxmaq; bunlar kiçik görünə bilər, amma saxta olmayan yeganə addımlardır.

Dünya ədalətsiz ola bilər, sistem çürümüş ola bilər, tamah gözləri kor edə bilər. Amma bütün bunlara rəğmən “Xeyr, mən bu oyunun bir parçası olmayacağam” deyən hər fərd, insanlığın hələ də var olduğunun ən böyük sübutudur. İnsanlıq bəlkə də heç vaxt tam olmayıb, amma biz onu hər gün yenidən inşa edə bilərik.

Seçim sənindir: ya sistemin səni udmasına icazə verəcəksən, ya da o sistemin içindəki “insan” olaraq qalacaqsan.

Səs-küyün İçindəki Sükut

Ayda bir dəfə ən maraqlı esseləri və fəlsəfi düşüncələri birbaşa email qutuna göndərirəm. Spam yoxdur, sadəcə məna var.