Səs-küyün İçindəki Sükut
Biz qəribə bir dövrdə yaşayırıq. Cibimizdə dünyanın bütün kitabxanası var, amma oxumağa vaxtımız yoxdur. Saniyədə minlərlə məlumat beynimizə axır, amma “niyə?” sualına cavab tapmaq getdikcə çətinləşir.
Hər səhər oyananda bizi bir yarış gözləyir. Daha uğurlu olmaq, daha çox qazanmaq, daha yaxşı görünmək yarışı. Bizə öyrədiblər ki, xoşbəxtlik gələcəkdə bir yerdə gizlənib. Diplom alanda, vəzifəyə yüksələndə, başqa ölkəyə köçəndə… Biz bu günü yaşamırıq, onu sadəcə gələcəyə çatmaq üçün bir vasitə, bir “gözləmə zalı” kimi istifadə edirik.
The Human Motive məhz bu sonsuz qaçışa verilən bir fasilədir.
Niyə “İnsan Motivi”?
Çünki istər böyük biznes imperiyalarını idarə edək, istərsə də sadəcə günü başa vurmağa çalışaq, hər şeyin mərkəzində eyni şey dayanır: İnsan Təbiəti.
Biz Dostoyevskini sadəcə “roman” olduğu üçün oxumuruq. Biz onu oxuyuruq, çünki Raskolnikovun tərəddüdü, İvan Karamazovun üsyanı bizim bugünkü ofis həyatımızda, qərarlarımızda və daxili çəkişmələrimizdə yaşayır. Klassik ədəbiyyat keçmişin nağılı deyil, insan psixologiyasının ən dəqiq “case study”sidir.
Fəlsəfə və Strategiya
Çox vaxt bu iki dünyanı ayırırlar. Düşünürlər ki, fəlsəfə “boş vaxtı olanlar”, strategiya isə “iş adamları” üçündür. Bu, böyük bir yalandır.
- Markus Avrelius Roma imperatoru idi - dünyanın ən böyük strateqi - amma gücünü Stoizmdən alırdı.
- Müasir dünyada ən doğru qərarları verənlər, sadəcə Excel cədvəllərinə baxanlar yox, insanı anlayanlardır.
Bu layihənin məqsədi həmin körpünü qurmaqdır. Biz Kamyunun “absurd” fəlsəfəsi ilə müasir karyera böhranını, Sveyqin psixoloji analizləri ilə liderlik problemlərini yan-yana qoyuruq.
Bizim Yolumuz
Biz inanırıq ki, məna tapılmır, məna yaradılır. Kainat bizə hazır cavablar vermir. O sükut içindədir. Amma o sükut qorxulu deyil. O sükut bizə azadlıq verir - öz dəyərlərimizi seçmək, öz yolumuzu cızmaq və kütlənin səs-küyünə rəğmən öz vicdanımızın səsini dinləmək azadlığı.
Bura “uğur formulu” satan bir yer deyil. Bura sadəcə düşünmək, sual vermək və səthiliyin dəbinə qarşı dərinliyi müdafiə etmək istəyənlərin sığınacağıdır.
Xoş gəlmisiniz.