Əsas məzmuna keç
· 8 dəq oxu · Sadat Nazarli

Niyə çalışırıq?

Biz həqiqətən özümüz üçün çalışırıq, yoxsa başqalarına görə yaşayırıq? Hedonik adaptasiya və həqiqi luks haqqında düşüncələr.

Heç özünüzə heç vaxt sual vermisiz: “Mən nə üçün çalışıram?” Bəli, çox insanın cavabı eyni olacaq: Gələcəkdə daha yaxşı yaşamaq üçün, maşın almaq üçün, ev almaq üçün, evlənmək üçün və s.

Amma həqiqətən bir adada olduğunuzu təsəvvür edin, heç kim yoxdur. Onda da çalışardınız? Bəlkə çalışardınız, qaçmaq üçün, qurtulmaq üçün. Bəs qaçış yoxdursa və ölənə kimi orada qalmağa məhkumsunuzsa? Yenə də nəsə edərdiniz? Məncə yox. Çünki biz özümüz üçün çalışmırıq. Ətraf mühit üçün çalışırıq, evi olan insanlar kimi olmaq üçün, maşını olan insan olmaq üçün, iPhonu olan insan olmaq üçün. Bəzən də elə ömrümüzün axırına kimi sadəcə başqası kimi olmaq üçün çalışırıq.

Çoxumuz üçün həyat bir səhnədir. Əgər tamaşaçı yoxdursa, biz o bahalı kostyumu geyinib o çətin rolu oynamırıq. Adada olsaydınız, Rolex taxıb bahalı kostyum geyinib BMW sürərdiniz? Əlbəttə sürərdiniz, amma bir müddətdən sonra anlayacaqsınız ki, bunun heç bir mənası yoxdur. Bu da yenə danışdığımız mövzuya qayıdır: biz başqalarına görə yaşayırıq, çalışırıq, əslində özümüzə görə yox.

Bəs özümüzə görə yaşamaq, çalışmaq nədir? Əgər bu suala cavab tapmaq istəyirsinizsə, ilk öncə özünüzə bir sual daha verməlisiniz: “Mən kimim və məni nə hərəkətə gətirir?”

Məsələn, deyək ki, sənin proqramlaşdırmaya, maliyyəyə olan marağın sadəcə bahalı maşın almaq üçündürsə, o maşını alanda içində böyük bir boşluq hiss edəcəksən. Bəlkə indi düşünürsən: “Yox e, mən o Porsche 911-in sükanı arxasına keçim, heç bir boşluq-filan hiss etməyəcəm. Özümü dünyanın kralı kimi hiss edəcəm.” Haqlısan. Hiss edəcəksən. Amma gəl, iqtisadiyyat və psixologiyanın birləşdiyi o qaranlıq nöqtəyə baxaq: Hedonik Adaptasiya (Həzz Öyrəşməsi).


1. “911” bir maşındır, yoxsa bir maskadır?

Əgər sən o maşını adada, heç kimin görmədiyi yerdə sürməkdən, onun mühərrikinin səsindən və mühəndislik möcüzəsindən zövq alırsansa, bu özün üçün olan bir ehtirasdır. Amma reallıqda çoxumuz o maşını parkingdə hamıdan qabağa qoyulsun deyə istəyirik.

Problem maşında deyil. Problem ondadır ki, sən o maşını alanda əslində bir əşya almırsan, bir status alırsan. Status isə ac bir canavar kimidir, onu hər gün bəsləməlisən. Bugün 911 səni xoşbəxt edər, sabah gözün qonşunun daha yeni modelində qalar.


2. Boşluq harada başlayır?

O “əla hiss etmək” hissinin bir istifadə müddəti var. Elm deyir ki, yeni bir oyuncağın verdiyi dopamin maksimum bir neçə ay çəkir. Sonra o Porsche sənin üçün sadəcə “işə getdiyin nəqliyyat vasitəsi”nə çevrilir. Əgər sənin bütün çalışma motivin yalnız o dörd təkərli metalın üzərində qurulubsa, o dopamin bitəndə, və o mütləq bitəcək, sən yenidən eyni sualla baş-başa qalacaqsan: “Mən kimim və məni həqiqətən nə hərəkətə gətirir?”

“Porsche 911 əla maşındır, amma o, sənin daxili boşluğunu doldurmaq üçün yox, sənin daxili tamlığını qeyd etmək üçün bir mükafat olmalıdır. Əgər maşın sənin məqsədindirsə, sən onun qulusan. Əgər maşın sənin nəticəndirsə, sən onun sahibisən.”


Təsəvvür edin ki, elə bir dünyada yaşayırıq ki, insanların xəyalı bir iPhonun son modelidir. İnsanlar illərlə o telefonu almaq üçün çalışır. Alanda da hamı kimi hiss edir, amma 2 manatlıq konturu olmur. Bu nə deməkdir?

Siqnal vs. Kommunikasiya: Sən o telefonu kiməsə zəng etmək üçün almamısan. Əgər məqsədin ünsiyyət olsaydı, o 2 manatlıq kontur sənin üçün telefondan daha vacib olardı. Sən o telefonu bir siqnal kimi almısan. “Mən də uğurluyam”, “Mən də bu təbəqəyə aidəm” demək üçün.

İllüziya İqtisadiyyatı: Biz əşyanın özünə yox, onun ətrafda yaratdığı kölgəyə aşiq olmuşuq. 2 manatı olmayan birinin son model iPhone işlətməsi, mağaradakı o zəncirlənmiş insanların divardakı kölgələri həqiqət sanmasından fərqlənmir.

Biz buna “Siqnal Vermə Xərcləri” deyirik. İnsanlar öz daxillərindəki əskikliyi, təhsilsizliyi, məqsədsizliyi, özgüvən çatışmazlığını, xarici əşyalarla ört-basdır etməyə çalışırlar.

“Biz ehtiyacımız olmayan şeyləri, bəyənmədiyimiz insanları təsir altına almaq üçün, sahib olmadığımız pullarla alırıq.” - Fight Club


Bəs bu həyatda nə edək, nə üçün çalışaq?

Əgər status bir tələdirsə, deməli biz hədəfimizi **“sahib olmaq”**dan “olmaq” tərəfə dəyişməliyik. Budur yeni yol xəritəmiz:

1. Azadlıq üçün (Time Arbitrage)

İqtisadiyyat dili ilə desək, pulun ən böyük dəyəri sənə iPhone alması deyil, sənə zamanını geri almasıdır.

Məqsəd: Çalış ki, elə bir maliyyə səviyyəsinə çatasan, istəmədiyin insanlara “yox” deyə biləsən, istəmədiyin saatda oyanmayasan, sevmədiyin işi görməyə məcbur olmayasan.

Həqiqi lüks: Rolex taxmaq deyil, günün 24 saatına sahib olmaqdır.


2. Ustalıq və “Axın” (Mastery & Flow)

Xatırlayırsan o “ada” misalını? O adada tək qalsan belə, yəqin ki, maraqlı bir şeylər inşa etmək, bir problemi həll etmək istərdin.

Məqsəd: Elə bir sahə tap ki, istər proqramlaşdırma olsun, istər maliyyə, o işi görərkən vaxtın necə keçdiyini anlamamayasan. Sən o kodu kiminsə sənə “əfərin” deməsi üçün yox, o mürəkkəb problemi həll etməyin verdiyi intellektual həzz üçün yazmalısan.

Nəticə: Ustalıq sənə elə bir daxili güc verir ki, onu səndən nə inflyasiya, nə sosial media alqoritmləri ala bilər.


3. Antifragility (Sarsılmazlıq)

Nassim Talebin dediyi kimi, xarici əşyalara bağlı olan xoşbəxtlik kövrəkdir. Maşın əzilə bilər, telefon sına bilər, status itə bilər.

Məqsəd: Elə bir “mən” inşa et ki, səni o adaya çılpaq atsalar belə, oradakı qaynaqlardan yenidən bir dünya qura biləsən.

Həqiqi sərvət: Sənin biliyin, analitik düşüncə tərzi və xarakterindir. Bunlar 2 manatlıq konturdan asılı olmayan dəyərlərdir.


Yekun Manifest

Porsche sürmək günah deyil. Günah olan odur ki, sən o Porsche-nin sükanı arxasında oturarkən, əslində onun səni idarə etdiyini fərq etməyəsən.

Çalış ki, aldığın o bahalı maşın sənin uğurunun sübutu yox, sənin maraqlı və azad həyatının sadəcə bir nəticəsi olsun. Maşından enəndə hələ də “kim olduğunu” bilirsənsə, deməli, oyunu sən qazanmısan.

“Məqsədini tap, siqnalını yox.”


Və sonda bir sual:

Əgər sabah bütün dünya sənin nə iş gördüyünü və nə qədər qazandığını unutsaydı, yenə də indiki işinlə məşğul olardın?

← Bütün yazılar
Paylaş